Bu gündən Qətərin “Gatar Airways” aviaşirkəti Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysinin həyata keçirilməsinə başlayır.
“APA-ECONOMICS”in xəbərinə görə, bu aviareys şirkətin 2012-ci ildə dünya üzrə uçuş istiqamətlərinin genişləndirilməsi proqramının başlanğıcıdır.
Aviareyslər həftənin hər günü yerinə yetiriləcək və Tiflisədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək.
“Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə “biznes” sinfə aid 12 yer, “ekonom” sinfə aid 132 yer təklif olunur.
Qeyd edək ki, “Gatar Airways” aviaşirkəti 2012-ci ildə Kiqali (Ruanda), Zaqreb (Xorvatiya), Pert (Avstraliya), Mombasa (Keniya), Zənzibar (Tanzaniya), Helsinki (Finlandiya) və Qasım (Səudiyyə Ərəbistanı) istiqamətlərdə aviareyslər açılmasını planlaşdırır.