Fransa Senatının sədr müavini Jan Klod Karl hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin məktubuna cavab verib.
APA-nın məlumatına görə, J. K. Karl cavab məktubunda bildirib ki, Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı qanun layihəsini yersiz və lazımsız sayır: “Qanunla tanınmış soyqırımların inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini üç səbəbə görə yersiz və lazımsız hesab edirəm. Birinci, tarixə qiymət verilməsi Fransa Parlamentinin işi deyil: bu tarixçilərdən ibarət bir missiyanın işidir və mən hesab edirəm ki, beynəlxalq səviyyədə olan tarixçilər qrupunun olması məqsədəuyğun olardı. İkincisi, hal-hazırda, bizdə mövcud olan qanunvericilik və konstitusional baza neqasionistləri cəzalandırmağa imkan verir. Nəhayət, Fransa parlamentinin təcili hərəkət etməli olduğu məsələlər yaddaş üçün qanunların qəbul edilməsi deyil”.
J. K. Karl qanun layihəsinin səsverməsində iştirak etmədiyini də vurğulayıb.
Qeyd edək ki, Milli Assambleyasında qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı qanun layihəsi barədə qəbul olunduqdan sonra YAP Gənclər Birliyinin üzvləri Fransa Senatına və hər bir senatora müraciət ünvanlayıblar. Həmin müraciətdə məqsəd həm Fransa Milli Assambleyasının “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyənləşdirən qanun layihəsinin qəbul edilməsinə etirazı bildirmək, həm də Fransa Senatını ölkənin parlamentinin aşağı palatasının səhvini və ədalətsizliyini təkrar etməməyə çağırmaqdır.