Azərbaycanın ağır atletləri Ağır Atletika üzrə 2012-ci il İslam Həmrəylik Çempionatında iştirak edirlər.
SalamNews xəbər verir ki, fevralın 2-dək Səudiyyə Ərəbistanının Dammam şəhərində davam edəcək turnirdə milli komandanın baş məşqçisi Nizami Paşayev yığmamızın ehtiyat qüvvəsini gözdən keçirir. Yanvarın 29-da iki idmançımız körpücük üzərinə qalxıb. 62 kq çəki dərəcəsində çıxış edən Paşa İbrahimli və Rauf Nəbiyev böyük uğur qazanıblar. Gənc Paşa İbrahimli 250 kq (114 kq+136 kq) nəticə ilə həm birdən, həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanıb. İkinci yerə toplamda 239 (109 kq + 130 kq) kq nəticə ilə daha bir idmançımız Rauf Nəbiyev layiq görülüb.
Dünən isə İslam Oyunlarında idmançılarımızın qələbə seriyası davam edib. Paşa İbrahimli və Rauf Nəbiyevin 62 kq-dakı uğurlu çıxışından sonra körpücük üzərinə dünya rekordçusu Firudin Quliyev çıxıb. 69 kq-da ölkəmizi təmsil edən gənc ağır atlet bütün rəqiblərini üstələyərək birinci yerə çıxıb. Firudin Quliyev birdən qaldırma hərəkətində iki yanaşma edib. O, əvvəlcə 120, daha sonra isə 126 kq-ı başı üzərinə qaldırıb. Bu çəki qızıl medal üçün yetərli olduğundan o, üçüncü yanaşmadan imtina edib. Təkanla qaldırmada qızıl medal üçün isə atletimizə cəmi bir yanaşma bəs edib. İlk sifariş verdiyi 160 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyən Quliyev, sonrakı iki yanaşmaya ehtiyac duymayıb. Furidin Quliyev cəmi üç yanaşma ilə həm birdən, təkanla qaldırma, həm də toplamda 186 kq ilə 1-ci pilləyə sahib çıxaraq birdən-birə üç qızıl medal qazanıb.