İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Ekmələddin İhsanoğlu bildirib ki, "Ərəb baharı" metaforasını istifadə etmək düzgün deyil.
İƏT İslam dünyasını təmsil edən və 57 üzvü ilə Birləşmiş Millətlər Təşkilatından sonra ikinci böyük beynəlxalq təşkilatdır. Təşkilatın rəhbəri Ekmələddin İhsanoğlu, İslam dünyasının müasir tarixdəki ən ciddi hücumlarla qarşı-qarşıya qaldığı son 10 illik müddətdə baş verən hadisələr haqqında "Star" qəzetinə müsahibə verib.
SalamNews-un verdiyi xəbərə görə, İhsanoğlu jurnalistin "Ərəb baharı" və onun Yaxın Şərqə necə təsir etdiyi barədə nə düşünürsünüz?" sualına belə cavab verib: "Əslində, "Ərəb baharı" ifadəsi məhdudlaşdırıcı və aldadıcı olduğu üçün, çox səhv bir metaforadır. Əgər bir metafora istifadə etmək lazımdırsa, bu, "Ərəb baharı" deyil, "diktatorların payızı" olmalıdır. Tunisdən Misirə, Liviyadan Yəmənə qədər meydana gələn xalq qiyamları diktator rejimlərinə son qoyub. Yaxşı, bahar nə vaxt gəlir? Çiçəklərin, meyvələrin cücərdiyi zaman. Hələ nə çiçək var, nə də meyvə. Bu bir sancıdır. Tunis istisna olmaqla, digər ölkələrdə baş verənlər, çox ciddi hadisələrdir. Çünki 40-60 ildir bu ölkələr diktator rejimi ilə idarə edilib. Dövlət yalnız yuxarıda oturanı qorumaq, arzularını yerinə yetirmək məqsədi ilə çalışıb. Buna görə də bahardan bəhs etmək çox yersiz bir təşbehdir".