HƏMAS siyasi bürosunun sədri Xalid Məşəl İordaniyaya ilk rəsmi səfəri zamanı, Fələstin hərəkatının İordaniyanın təhlükəsizlik, sabitlik və bütövlüyünün qorunmasında maraqlı olduğunu bildirib. Bu barədə SalamNews RIA "Novosti"yə istinadən xəbər verir.
HƏMAS başçısı vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat İordaniya və Fələstin maraqlarına xidmət edən münasibətlərin qurulmasında maraqlıdır.
Xalid Məşəl jurnalistlərə verdiyi müsahibədə İordaniya kralı ilə görüşdən razı qaldığını bildirib.
Fələstinli siyasətçi vurğulayıb ki, HƏMAS bəzi İsrail rəsmilərinin İordaniyanı fələstinlilərin vətəni kimi qələmə vermək cəhdlərini birmənalı şəkildə rədd edir. "HƏMAS Fələstin xalqının hüquqlarının bərqərar edilməsində israr edir və bildirir ki, Fələstin - Fələstindir, İordaniya isə İordaniya", - X.Məşəl əlavə edib.