Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı (ASAIF) Türkiyədə böyük yürüş-aksiya keçirəcək.
Forumdan APA-ya verilən məlumata görə, aksiyanın böyük miqyaslı olacağı gözlənilir: “Türkiyənin bütün şəhərlərində azərbaycanlı və Azərbaycanı sevən türk qardaşlarımız, həmçinin Avropa ölkələrində və dünyanın bir çox yerində Vətən sevgisi ilə yanan ürəklər 26 fevral 2012 tarixində məhz bu aksiya çərçivəsində İstanbulda Taksim meydanında Xocalı qətliamında şəhid olan həmvətənlərimizin əziz xatirələri üçün birləşəcək”.
Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərə 1 il həbs və 45 min avro pul cəzası müəyyən edən qanun qəbul olunduğu xatırladan aksiya təşkilatçıları qeyd ediblər ki, Xocalıda törədilənlər isə müasir tarixin ən ağır və insanlıq dəyərlərinə sığmayan bir vəhşilik aktı olmasına baxmayaraq dünya ictimaiyyəti tərəfindən hələ də yetəri qədər tanınmır: “Məhz planlaşdırılan bu aksiya ilə dünya türkün gücünü və birliyini hiss edəcək”.
Qeyd olunub ki, aksiyaya Türkiyədə fəaliyyət göstərən onlarla gənclər və tələbə təşkilatları, ictimai birliklər, türk təşkilat və hərəkatları tam dəstək verməkdədirlər.