Bir dilənçi deyirmiş: «Mənə iki tikə çörək versələr, bütün işlərim düzələr».

Şibli heyrətlə onu dinləyib söyləyir: «Xoş sənin halına ki, iki tikə çörəklə işin düzəlir. Hər gecə iki aləmi mənə təklif edirlər, yenə işim düzəlmir».
Şiblinin sağlığında ölüm xəbəri çıxmışdı. Onu dəfn etmək üçün böyük bir izdiham yığılır. Şibli camaatı seyr edib gülür və deyir: «İşə baxın ki, ölülər dirini dəfn etməyə gəliblər!».
Bir gün nəqşbəndi məzhəbinin banisi Şahi-Nəqşbəndin müridləri ondan kəramət göstərməsini istədilər. Şahi-Nəqşbənd onlara belə cavab verdi: «Bizim kəramətimiz aşkardır, həmişə görünür. Əgər çiyinlərimizdə bu qədər günah yükü olduğu halda, hələ ayaq üstə dura bilir və yer üzündə gəziriksə, bu özü ən böyük kəramətdir. Məgər bundan da böyük kəramət olarmı?».