İraq İslam Ali Şurasının rəhbəri, ölkə şiələrinin liderlərindən olan Əmmar Əl Həkim, İraqın Baş naziri Nuri Əl Malikinin, "Ankara daxili işlərimizə müdaxilə edir" iddiasının həqiqəti əks etdirmədiyini vurğulayaraq deyib: "Əlaqələrimiz strateji xarakter daşıyır".
Ankarada ən yüksək səviyyədə qəbul edilən İraq İslam Ali Şurasının rəhbəri, Türkiyəni tərk etməzdən əvvəl "Star" qəzetinə müsahibə verib.
SalamNews-un "Star"a istinadla verdiyi xəbərə görə, Malikinin iddiaları ilə bağlı Əl Həkim deyib: "Türkiyənin, İraqın daxili işlərinə qarışdığını söyləyə bilmərik".
İki dövlət arasında strateji tərəfdaşlığın mövcudluğunu vurğulayan Əl Həkim qeyd edib ki, İraq-Türkiyə münasibətlərində böhran yaşansa, bu, müvəqqətidir və əsla strateji maraqlara xələl gətirməyəcək: "Maliki hökuməti ilə yaşanan son hadisələr da bunlardan biridir. Bu problemli dövr əlaqələrimizə zərbə vura bilməz".
İraqda sünni və şiələr arasında məzhəb qarşıdurmasını, ardından isə ölkədə vətəndaş müharibəsinin başlayacağını gözləmədiyini bildirən Əl Həkimi deyib: "İraqda məzhəb zəminində vətəndaş müharibəsi heç vaxt başlamayacaq. Çünki bunun nə dərəcədə zərərli olduğunu təcrübəmizdə sınamışıq. Biz gördük ki, məzhəb müharibəsinin nə qalibi var, nə də məğlubu".