Fransanın keçmiş baş naziri və bu il keçiriləcək prezident seçkilərində namizəd Dominik de Vilpen, Sarkozi administrasiyasını sərt tənqid edib.
SalamNews-un "Ankara" agentliyinə istinadla verdiyi xəbərə görə, Vilpen, Fransa Senatında qəbul edilən "erməni soyqırımı" qanun layihəsini axmaqlıq adlandıraraq, Fransanın belə bir qanunu qəbul etməyə səlahiyyəti çatmadığını vurğulayıb.
"France 24" televiziya kanalında efirə çıxan proqramın qonağı olan Dominik de Vilpen, "erməni soyqırımı" qanun layihəsini "seçki layihəsi" olaraq dəyərləndirib.
"Türkiyə Fransanın dostu olan ölkədir. Türkiyə inkişaf edən iqtisadiyyatı və diplomatiyası ilə böyük bir dövlətdir. Bu qanun, məncə, axmaqlıqdı. Əlcəzair problemi gündəmə gələndə necə olacaq? Erməni soyqırımı mövzusu bu şəkildə müzakirə edilməli deyildi. Bu mövzu siyasətçilərin deyil, tarixçilərin işidir. Fransa parlamentinin tarixçilərin vəzifələrini icra etməsi düzgün deyil", - Dominik de Vilpen deyib.