Müstəqil Türkiyə Partiyası (BTP) sədrinin müavini Mehmet Harun Kayacı Azərbaycanda həbs olunub. Türkiyə mətbuatının verdiyi məlumata görə, sədr müavini ötən ilin oktyabrında Bakıda Azərbaycan hüquq-mühafizə orqanlarının qanunsuz dini təbliğatın qarşısının alınması ilə bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Mehmet Harun Kayacı dini təriqəti təbliğ etməkdə, dini ayinlər adı altında ictimai asayişi pozmaqda, yeniyetmələri bu fəaliyyətə cəlb etməkdə təqsirləndirilir. Məlumatlarda məsələdən narahat olan Azərbaycan tərəfinin Türkiyəyə nota göndərdiyi, Türkiyə Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı məlumatlandırıldığı bildirilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən sədr müavininin Bakıda həbs olunduğu barədə məlumat təsdiqlənib. Səfirlikdən verilən məlumata görə, hüquqi normalara uyğun olaraq diplomatik missiya vətəndaşının həbsi barədə vaxtında məlumatlandırılıb və səfirlik bu prosesi izləyir. Dipmissiyadan o da bildirilib ki, Kayacının vəkili Azərbaycan vətəndaşıdır.