“Azərbaycan Fransanın bu addımını qınayır. Bu qanun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil edir, söz, fikir, tədqiqat azadlığını zərbə altında qoyur”.
APA-nın xəbərinə görə, bu sözləri Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu təsdiqləməsini şərh edən Azərbaycan Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O, Azərbaycan dövlətinin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi səviyyəsində bu məsələyə rəsmi münasibətini açıqladığını xatırladıb: “Biz Fransanı daha konstruktiv və rasional mövqedən çıxış etməyə çağırırıq. Əgər Fransa Senatı həqiqət axtarırsa, o zaman yüz il öncə olduğu söylənilən və sübuta yetirilməmiş hadisəni deyil, 20 il öncə baş vermiş Xocalı soyqırımını gündəmə gətirsin və müzakirə edib hüquqi qiymət versin”.