Səfir Aqşin Mehdiyev: “Azərbaycan İsrail-Fələstin danışıqlarını alqışlayır, bu danışıqların ədalətli və davamlı həllə gətirib çıxaracağına ümid edir
“Azərbaycan İsrail-Fələstin danışıqlarını alqışlayır, bu danışıqların ədalətli və davamlı həllə gətirib çıxaracağına ümid edir”.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT Təhlükəsizlik Şurasının yanvarın 24-də keçirilən iclasında çıxışı zamanı deyib.
Səfir Təhlükəsizlik Şurasında Yaxın Şərq, o cümlədən Fələstin məsələsi ilə bağlı keçirilən açıq müzakirələrində bildirib ki, etnik azlıqların hüquqlarının qorunması ilə bağlı yalançı bəhanələrlə əsassız və qanunsuz ərazi iddiaları irəli sürən bəzi məlum qüvvələrdən fərqli olaraq, Fələstin xalqının öz müqəddəratını təyinetmə və dövlətçilik hüququ tanınıb.
Səfir Mehdiyev bildirib ki, Azərbaycan Fələstinin BMT-yə üzvlüyünü tam dəstəklədiyini bildirib. O, Fələstində barışığı dəstəklədiyini bildirib və bütün tərəfləri beynəlxalq humanitar hüquqa və insan hüquqlarına hörmət etməyə çağırıb.
Bu kontekstdən çıxış edən Mehdiyev dünyada mövcud olan bütün hərbi işğal vəziyyətlərində müvafiq hüquqi normaları tətbiq etməyə və işğalın davam etməsi üçün atılan bütün addımların qarşısını dərhal almağa çağırıb. “Təhlükəsizlik Şurası bu cür qanunsuz hərəkətlərə son vermək üçün öz sözünü deməlidir”.
Müzakirələr zamanı Azərbaycanlı diplomat Suriya hadisələrinə də toxunub və bu ölkədə sabitliyin pozulması, güc tətbiqi və insan haqlarının tapdanması ilə bağlı narahatlığını ifadə edib.
O, Ərəb Liqasının səylərini tam dəstəkləyib və vurğulayıb ki, böhrandan yeganə çıxış yolu Suriyanın rəhbərlik etdiyi hərtərəfli siyasi prosesdir.
“Suriyanın və regiondakı bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmətlə yanaşılmalıdır”, səfir deyib.
BMT Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Oskar Fernandes Taranko bildirib ki, gərginliyin davam etməsinə baxmayaraq, İsrail və Fələstin arasında görüşlər davamlı sülhün əldə olunması üçün mühüm imkan yaradır.
Fələstinin BMT-dəki daimi müşahidəçisi və İsrailin nümayəndəsi də Təhlükəsizlik Şurasında çıxış ediblər. “Fikir ayrılıqlarına baxmayaraq, nikbin Fələstin xalqı ümid edir ki, bu il öz torpağında çoxdan gözlədiyi azadlığı, ədaləti, sülhü, hörməti və təhlükəsizliyi əldə edəcək”, Fələstin rəsmisi belə deyib.
İsrailin nümayəndəsi isə regionda həyəcanların, təhlükələrin və insan hüquqlarının pozulmasının davam etdiyini qeyd edib və İsrail-Fələstin məsələsinin Yaxın Şərqin əsas münaqişəsi olmadığını deyib.
O, Təhlükəsizlik Şurasını Qəza silahlılarına qarşı fəaliyyətsizlikdə günahlandırıb və bildirib ki, orada vəziyyət partlayış həddinə çatıb.
Müzakirələrdən sonra digər dövlətlərin, o cümlədən Azərbaycanın nümayəndələri ümid etdiklərini bildiriblər ki, mövcud hazırlıq danışıqları davamlı danışıqlara keçəcək. Çıxış edənlərin əksəriyyəti bildirib ki, ilin sonuna kimi “iki dövlət” həllinin detallarına dair razılaşmanın əldə olunması vacibdir.
Azərbaycan kimi digər ölkələr də Suriya ilə bağlı narahatlıqlarını ifadə ediblər və zorakılıqlara son vermək və Suriyanın başçılığı ilə islahatlara aparacaq dialoqa başlamaq üçün Ərəb Liqasının səylərinə beynəlxalq dəstək verilməsinə çağırıblar.
BMT Təhlükəsizlik Şurası yanvarın 25-də Liviya, Yəmən və Kiprdə vəziyyəti müzakirə edəcək.