Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin dünən Fransa Senatında qəbul edilməsinə münasibət bildirib. Ə.Həsənov bunu "söz azadlığı və insan hüquqlarına zidd" adlandırıb.
SalamNews-un xəbərinə görə, Fransa parlamentində daha öncə qəbul edilən qanun layihəsindən sonra Azərbaycan prezidentinin, hökumətin və parlament sədrinin bununla bağlı bəyanat verdiyini xatırladan Ə.Həsənov deyib ki, Fransa Senatında qəbul olunan qanun layihəsi ilə bağlı Azərbaycanın mövqeyi dəyişməyib.
O, "Anadolu" agentliyinin müxbirinə verdiyi açıqlamada söyləyib ki, Fransanın qəbul etdiyi qanun layihəsi ölkənin imicini zədələyəcək və ona heç bir fayda gətirməyəcək.