“Dünya tarixində ilk dəfədir ki, belə ağılsız, əsassız qərar qəbul edilib. Fransa Senatı bu qərarı hansısa bir xırda məqsədə nail olmaq üçün qəbul edib”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə Fransa Senatının uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qəbul etdiyi qərara münasibət bildirərkən deyib.
Vaxtilə Xolokost qətliamı barədə qərar qəbul olunduğunu qeyd edən A. Rəhimzadə xatırladıb ki, bu, müharibədən dərhal sonra hərbi məhkəmə tərəfindən sübuta yetirilərək qəbul olunan qərar idi: “Lakin sübuta yetirilməyən bir iddia ilə bağlı belə bir qərarın qəbul olunması məntiqsizlikdir. Mənim yadımdadır, ermənilər uydurma soyqırımı məsələsini qaldıranda əvvəlcə 600, sonra 700, daha sonra 800 insanın öldürüldüyünü deyirdilər. İndi isə bu rəqəmi 1 milyona yarıma çatdırıblar. Heç o zaman Türkiyədə bu qədər erməni olmayıb”.
Milli Məclisin Komitə sədri bu qərarın Fransa parlamentinə başucalığı gətirməyəcəyini vurğulayıb: “Bundan sonra ATƏT Minsk Qrupu çətin ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar verə. Mənim bu quruma ümumiyyətlə, inamım yoxdur”.