Fransa parlamentinin üzvü Valeri Boyer: “Bu qanunvericilik təşəbbüsü ilə çıxış etdiyimə görə fəxr edirəm”
Fransanın xarici işlər naziri Alen Jüppe Senatın qəbul etdiyi qanunla bağlı Türkiyənin sərt etirazlarına cavab olaraq Ankaranı soyuqqanlı olmağa dəvət edib. APA-nın məlumatına görə, Alen Jüppe qanunun qəbuluna müsbət yanaşmadığını dilə gətirib, lakin sonra prezident Sarkozinin israrı ilə susmağa üstünlük verib.
"Canal plus" telekanalının suallarını cavablandıran Jüppe “Türk dostlarımızı soyuqqanlı olmağa dəvət edir və bu böyük ölkəyə, iqtisadi və siyasi baxımdan böyük gücə dost əlimi uzadıram. Türkiyədə çoxlu fransız şirkəti fəaliyyət göstərir. Türkiyə ilə mühüm ticarət və iqtisadi əlaqələrimiz var. Bizim Türkiyəyə, Türkiyənin isə bizə ehtiyacı var. Mən reallığın duyğulara üstün gələcəyinə inanıram”.
Xarici işlər naziri kimi bu cür qanunun qəbulunu münasib saymadığını deyən Jüppe bu məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
Fransa Senatında qəbul olunan qondarma “erməni soyqrımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun müəllifi hakim Xalq Hərəkatı uğrunda Birlik Partiyasının millət vəkili Valeriya Boyer bu addımı ilə fəxr etdiyini söyləyib. Səsvermədən sonra sevinc göz yaşlarını saxlaya bilməyən Boyer qanunvericilik təşəbbüsünün müsbət qarşılanmasından məmnun olduğunu deyib.
Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu isə qeyd olunan qanunun qəbulunu səhv addım kimi dəyərləndirib: “Bu çox səhv qərardır. Bunun məsuliyyəti bizim üzərimizə düşmür. Biz qanunun qəbul edilməməsi üçün əlimizdən gələni etdik”.