Bir qoca qarı Osmanlı sultanı Süleyman Qanuninin hüzuruna gəlib, evinin oğru tərəfindən talandığını söylədi və oğurlanmış əmlakının əvəzini tələb etdi.

Sultan qəzəbli halda: «Ey qadın! Sən necə yatmısan ki, evinə oğru girdiyini duymamısan!» - deyincə, qarı belə cavab verdi: «Hökmdar, biz sənin oyaq olduğunu və bizi qoruduğunu düşünüb, evimizdə rahat yatırıq!».
Sultan qarının bu sözündən utandı, onun oğurlanmış əmlakının əvəzini öz malından ödədi.
Bir gün məşhur alim İbn Cövzi minbərin üçüncü pilləsində durub xütbə söyləyirmiş. Yerdən bir qadın durub, ona sual verir. İbn Cövzi etiraf edir ki, sualın cavabını bilmir. Qadın hirslə söyləyir: «Əgər verilən sualın cavabını bilmirsənsə, niyə minbərin üçüncü pilləsində durub bizə moizə oxuyursan?!». İbn Cövzi gülümsəyib cavab verir: «Mən bildiklərimə uyğun olaraq üçüncü pillədə durmuşam. Əgər bilmədiklərimə uyğun səviyyədə durmaq lazım gəlsə, gərək burada mənim üçün elə minbər qurulsun ki, başı buludlara çatsın».