Bu gün Fransa Senatında uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi müzakirə olunacaq
Fransa Milli Assambleyasının ötən il dekabrın 22-də qəbul etdiyi uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il həbs cəzasına məhkum edilməsi və 45 min avro məbləğində cərimələnməsini nəzərdə tutan qanun layihəsi bu gün ölkə parlamentinin yuxarı palatası olan Senatda müzakirə ediləcək.
APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələr günün ikinci yarısında başlayacaq. Hakim partiyanın Milli Assambleyadakı üzvü Valeri Boyer və 40-a yaxın həmkarı tərəfindən ötən ilin oktyabrında Fransa parlamentinin aşağı palatasına təqdim edilmiş və qəbul olunmuş bu qanun layihəsi Fransa hakimiyyəti tərəfindən dəstəklənir.
Lakin qanun layihəsinin müzakirəsindən əvvəl qurumun Qanunvericilik komitəsi tərəfindən ötən həftə qəbul olunmuş qərar səsə qoyulacaq. Həmin qərarda uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanun layihəsinin qəbuledilməz olduğu haqda rəy verilib. Bu qərar təsdiqləndiyi təqdirdə qanun layihəsi müzakirəyə çıxarılmayacaq. Amma komitənin bu qərarının Senatda çoxluq təşkil edən hakim Xalq Hərəkatı Partiyası və sosialistlər tərəfindən rədd edilməsi ehtimalı böyükdür. Senatda çoxluq təşkil edən sosialistlər qanun layihəsinin lehinə səs vermək niyyətindədirlər.
Fransa qanunvericilik tarixində uydurma “erməni soyqırımı” mövzusunda ən çox canfəşanlıq edən məhz Sosialist Partiyası olub. Prezident Nikola Sarkozinin bu il keçiriləcək prezident seçkilərində əsas rəqibi, Sosialist Partiyasının vahid namizədi Fransua Holland ölkə başçısı ilə bu məsələdə həmrəydir və qanun layihəsinin Senatdan keçməsini dəstəkləyir. Senatdakı 348 yerdən 262-si sosialistlər və hakim partiyanın üzvlərinə məxsusdur. Hər iki partiya qanun layihəsinə qarşı çıxan üzvlərini bitərəf qalmağa və ya müzakirələrdə iştirak etməməyə çağırıb. Qurumda cəmi 31 yerə sahib olan mərkəzçilər bitərəf qalmağı üstün tuturlar, kommunistlər isə ümumiyyətlə, səs vermək fikrində deyillər.
Fransada bir çox nüfuzlu siyasətçilər, tarixçilər və ziyalılar qanun layihəsinin əleyhinədir. İlk növbədə qanunverici orqanın tarixi məsələlərlə bağlı hüquqi münasibət bildirməsinin nə dərəcədə düzgün olduğu sorğu-sual edilir. Layihənin Konstitusiyanın fikir və söz azadlığı ilə bağlı müddəalarına zidd olduğu bildirilir. Fransanın 1990-cı ildə qəbul etdiyi və bunu inkar edən şəxslərə qarşı müvafiq cəza növü nəzərdə tutduğu yəhudi soyqırımından fərqli olaraq, “erməni soyqırımı” haqqında hüquqi qüvvəsi olan hər hansı beynəlxalq sənəd və ya qərarın olmaması bu iki tarixi hadisəni fərqləndirən başlıca amillərdəndir. Sənədin ölkə Konstitusiyasındakı "cinayət və cəzaların qanuniliyi", "fikir və söz azadlığı", "təhqiqat və elmi araşdırma azadlığı" prinsiplərinə uyğun gəlmədiyinə diqqət çəkilir. Eyni zamanda, bir çox hüquqşünasın fikrincə, belə bir qanunun qəbul olunması 29 yanvar 2001-ci ildə Fransanın rəsmən "erməni soyqirimi"nı tanıması haqqında qanuna da problem yarada bilər. Fransada hər bir vətəndaşın fərdi şəkildə Konstitusiya Məhkəməsinə şikayət etmək hüququ var. Konstitusiya Məhkəməsi şikayətə baxarkən parlamentin çıxardığı tarixi yaddaşla bağlı qərarı deyil, Konstitusiyanın fərdi və kollektiv azadlıqlarla bağlı müddəalarını əsas götürəcək. Bundan başqa, qanun layihəsinin qəbulu Fransa üçün Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında da əlavə başağrısı yarada bilər. Belə bir qanun Avropa İnsan Hüquqları Konvensiyasının ruhuna uyğun deyil.
Fransa cəmiyyətində narahatlıq doğuran məqamlardan biri də budur ki, qanun qəbul edilərsə, Türkiyə ilə münasibətlər tam pozula bilər. Prezident Nikola Sarkozinin ötən həftə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubun məzmunundan bu narahatlıq hiss olunsa da, məktubun Senatdakı müzakirələrdən əvvəl göndərilməsi qurumun bu qanun layihəsini təsdiqləyəcəyi ehtimalını artırır.
Bu gün Senatdakı dinləmələr zamanı paytaxt Parisdə Avropa ölkələrində yaşayan türklərin izdihamlı yürüşü gözlənilir. Fransada və Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının da qatılacağı yürüşdə 50 mindən çox insanın iştirak ediləcəyi xəbər verilir.
Xatırladaq ki, Fransa uydurma “erməni soyqırımı”nı 2001-ci il yanvarın 29-da rəsmən tanıyıb. 2006-cı il oktyabrın 12-də uydurma “soyqırım”ın inkar edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi qəbul olunub. Lakin 2011-ci il mayın 4-də Senat bu qanun layihəsini əsassız sayaraq onu təsdiq etməyib. Milli Assambleya təkrarən qanun layihəsini bir ay əvvəl – 2011-ci il dekabrın 22-də qəbul edib. Qanunun qüvvəyə minməsi üçün Senatın təsdiqi və prezidentin imzası lazımdır. Qanun layihəsinə bu gün rədd cavabı verilərsə, sənəd yenidən parlamentin aşağı palatasına göndəriləcək.