Aşura günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə Azərbaycanın bir çox məscidlərində talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirilib.
Ölkənin məscidlərində minlərlə müsəlman bu aksiyada könüllü olaraq iştirak edib. Təkcə, "Əjdərbəy" Məscidində (Göy Məscid) 100-dən artıq müsəlman qan verib. Analoji aksiya "Təzə pir", "Göy məscid", "Hacı Sultanəli", İçərişəhərdəki "Cümə" məscidlərində və Mir Möhsüm Ağa ziyarətgahında təşkil olunub. Şeyxülislam Hacı Allahşükür Paşazadə və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri də bu gün qanvermə aksiyasında iştirak ediblər. Şeyxülislam jurnalistlərə açıqlamasında bildirib ki, bu gün qan verən müsəlman hər hansı bir insanı xilas etməklə Allah qarşısında savab qazanır və axirətini təmin edir. O, bütün vətəndaşları qanvermə aksiyasına qoşulmağa çağırıb.