Bu gün Prezident İlham Əliyev Gəncədəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.
SalamNews-un prezidentin saytına istinadən verdiyi məlumata görə, kompleksin eskiz layihələri ilə tanış olan prezidentə məlumat verilib ki, kompleksin yerləşdiyi 2 hektardan çox ərazidə indiyədək xeyli iş görülüb. On min kvadratmetrdən çox əraziyə asfalt örtüyü salınıb, 4 min 400 poqonmetr bəzəkli səki daşları döşənib. Hazırda ərazidə uzunluğu 100, eni 15 metr olan sahədə dini ayinlərin icra edilməsi üçün müxtəlif tikililər inşa edilir, müasir işıqlandırma sistemi quraşdırılır. Layihə üzrə nəzərdə tutulan 36 günbəz tikilib, 5 böyük günbəzin quraşdırılması isə başa çatmaq üzrədir. Dövlət başçısının müvafiq Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan 3 milyon manat vəsait hesabına həyata keçirilən təmir-bərpa və tikinti işləri yüksək keyfiyyətlə icra olunur.
Bildirildi ki, “İmamzadə”, yaxud “Göy imam” türbəsi VIII əsrə aid tarixi abidədir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. “İmamzadə” türbəsinin tikintisi XIV əsrin sonu-XV əsrin əvvəllərinə təsadüf edir. Ətrafındakı məscid, sərdaba və digər türbələr isə XVII-XVIII əsrlərdə inşa olunub. Bütün bu tikililər əzəmətli dini-tarixi kompleks kimi bu günədək qorunub saxlanmışdır. Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” kompleksi sonuncu dəfə XIX əsrdə bərpa edilib. Buna görə də kompleksdə bərpa işlərinə ehtiyac duyulurdu. Prezident İlham Əliyevin kompleksin bərpası ilə bağlı imzaladığı Sərəncam isə bu baxımdan tarixi əhəmiyyətə malikdir.
Vurğulanıb ki, orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan bu kompleks Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycandan, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini mərkəz Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir.
Prezident İlham Əliyev kompleksdə işlərin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.