"Təkcə İslamdan deyil, xristianlıq və digər dinlərdən də şəxsi məqsədlərini həyata keçirmək üçün istifadə edən qüvvələr var". Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkədəki dini durumu qiymətləndirərkən deyib.
O, bəzi insanların qanunsuz hərəkətlərini pərdələmək məqsədilə İslamın adından istifadə etdiklərini bildirib: "İslam adından öz çirkin məqsədləri üçün istifadə edənləri biz müsəlman hesab etmirik. Bir insan ki, öz müsəlman qardaşını öldürmək üçün əlinə silah alır, o, müsəlman deyil. İstəməzdim ki, terroru və terrorçuları İslamla eyniləşdirsinlər. Hər zaman cəmiyyətdə qanunu pozan müəyyən insanlar və qruplar olub. Bu gün əsl İslam Azərbaycanda inkişaf edir və dinimiz mahiyyətinə uyğun təbliğ olunur".