XIV əsrin məşhur səyahətçisi İbn Bəttutə xatirələrində yazır ki, Şiraz şəhərinin bazarında çox böyük və yaraşıqlı bir dükan diqqətimi cəlb etdi.

Dükançı dükanda oturub Qur’an oxuyurdu. Yaxınlaşıb salam verdim. Mehribanlıqla məni qarşıladı, oturmağa yer göstərdi. Soruşdum ki, burada neyləyirsən? Cavab verdi: «Mənim peşəm ticarətdir. Müştəri olmayanda Qur’an oxuyuram». Sonra dükanın döşəməsindəki xalçanı kənara çəkdi. Gördüm ki, yerdə qəbir qazılıb. Dükançı dedi: «Bu qəbri özümdən ötrü qazmışam, onun kənarında oturub özümə Qur’an oxuyuram. Qəbrimi dükanda qazmışam ki, dünya malı məni aldatmasın».
Əbu Davud deyirdi ki, hər bir ağıllı şəxs üçün bu dörd hədis kifayətdir:
1. «Əməllər niyyətə görə qiymətləndirilir».
2. «Lazımsız bir şeyi tərk etməyi bacarmaq insanın imanının kamilliyini göstərər».
3. «Özü üçün istədiyini mömin qardaşı üçün də istəməyən əsl mömin deyil».
4. «Halal da məlumdur, haram da».