“İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la keçirəcəyi müzakirələr böyük ehtimalla İstanbulda olacaq və mən də görüşün Türkiyədə keçirilməsinin tərəfdarıyam”.
APA-nın məlumatına görə, bu fikirləri hazırda Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda bununla bağlı tərəflər arasında müzakirələr davam edir: “Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton və İran Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə daimi təmasdadır. Yaxın günlərdə görüşün tarixi təyin olunacaq”.
“Türk xalqı qardaşımızdır” deyən Əli Əkbər Salehi iki ölkə arasında çox yaxşı əlaqələrin olduğunu da söyləyib: “İran əhalisinin 40 faizi türkcə danışır, bu da iki ölkə arasında güclü bir bağ meydana gətirir”.