Şimali Afrika və Yaxın Şərqdə siyasi dəyişikliklər hələ başa çatmayıb. Bununla belə, xarici qüvvələr bu ölkə xalqlarının seçimlərinə müdaxilə etməməlidir. Bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Ötən ilin əvvəllərindən etibarən Afrika və Yaxın Şərqin bir sıra ölkələrində baş qaldırmış xalq hərəkatları nəticəsində Tunis, Misir və Liviyada hakimiyyət dəyişiklikləri baş verib. Yəmən, Bəhreyn və digər dövlətlərdə isə hərəkatlar indiyədək davam edir.
"Biz dəyişikliklərin miqyasını dəqiq deyə bilmərik. Bu ilk mərhələdir. Buna görə də, həkimlər kimi, ziyan vurmamaq prinsipini əsas götürməliyik",- Sergey Lavrov bildirib.
SalamNews-un RİA ''Novosti''yə istinadən verdiyi xəbərə görə, nazir milli dialoqun dəstəklənməsinin vacibliyini vurğulayıb. O, müxalif qüvvələrə "diplomatik prosesə sadiq qalmağın vacib olduğunu və silaha əl atmamağın əhəmiyyətini" anlatmağın önəmini qeyd edib.
Şimali Afrika və Yaxın Şərqdə dini yönümlü partiyaların hakimiyyətə gəlmə ehtimalına münasibətini bildirən Sergey Lavrov "konstitusiya çərçivəsində mövcud olan bütün qüvvələrlə çalışmağın" daha səmərəli olduğunu deyib.
Sonda nazir regionda baş verən hadisələrin kiminsə maraqlarına uyğun olaraq daha kəskinləşdirilməsinin və silahlı müdaxilənin yolverilməz olduğunu əlavə edib.