"Əl-Qaida" liderinin 26 yaşlı oğlu Ömər Üsamə bin Laden İslam dünyası ilə Qərb arasında xoşməramlı səfir rolunu oynamaq istədiyini bəyan edib. O bildirib ki, dialoq İslamı müdafiə etmək üçün müharibədən daha yaxşı üsuldur.
Ötən il 52 yaşlı britaniyalı təqaüdçü ilə ailə quran Ömər Üsamə bin Laden dünyanın diqqətini sülh problemlərinə cəlb etmək üçün həyat yoldaşı ilə birlikdə at üzərində Şimali Afrikada 5 min kilometrlik səyahətə çıxmaq niyyətindədir: "Biz Qərbin nəzərində öz imicimizi dəyişmək istəyirik. Əksər insanlar elə hesab edir ki, bütün ərəblər, ilk növbədə isə Üsamə bin Ladenin övladları terrorçudur. Amma bu, həqiqət deyil".
Ömər Üsamə bin Ladenin 4-cü oğludur. Atası ilə birlikdə Sudanda yaşayan Ömər 1996-cı ildə "Əl-Qaida" lideri ilə Əfqanıstana gedib. Orada xüsusi düşərgələrdə təlim keçən Ömər Üsamə bin Laden 2000-ci ildə terrorçuluq fəaliyyətindən imtina edərək, Səudiyyə Ərəbistanına qayıdıb: "Mən döyüşmək istəmirəm, problemləri həll etmək üçün daha yaxşı üsul tapmaq istəyirəm. Atam mənim Əfqanıstandan geri dönməyimə etiraz etmədi. Əfqanıstandan qayıtdıqdan sonra atamla əlaqə saxlamamışam". Qeyd edək ki, Üsamə bin Ladenin 19 oğlu var. Onların əksəriyyəti atası ilə əlaqəsini kəsib və hazırda bizneslə məşğuldurlar.