“Rusiya İranla müharibənin başlamaması üçün əlindən gələni edəcək”
“İranla müharibəninn başlanması böyük fəlakətə səbəb olacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2011-ci ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, müharibə başlanacağı təqdirdə İrandan olan qaçqınlar Azərbaycan ərazisindən keçərək Rusiyaya axın edəcəklər. Nazir İran ətrafında yaranan problemin tək həllinin danışıqlar yolu olduğunu söyləyib: “Rusiya İrana qarşı müharibənin başlamaması üçün hər şeyi edəcək. Rusiyanın mövqeyi bundan ibarətdir. Ümumiyyətlə islam ölkələri ilə bağlı yaranmış tendensiyanın - sünni-şiə məsələsinin yenidən gərginləşdirilməsinin davam etməsi düzgün deyil. Əgər bu tendensiya davam etsə, islam dünyasında böyük konfliktlərə səbəb ola bilər. Xarici qüvvələr islam dünyasını parçalamamalıdır. Çünki İslam dünyası olmadan bu problemi həll etmək mümkün deyil”.