İqor Korotçenko: “Rusiya üçün ən vacib məqam İrana qarşı hərbi əməliyyatların başlamamsıdır”
“Bu gün İran ətrafında baş verən hadisələr ABŞ, Rusiya, Avropa və İsrailə də sərf edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşunaslıq İnstitunun baş elmi işçisi Vladimir Sajin “RİA Novosti” agentliyində “Yaxın Şərq: İran-regionda müharibə üçün məqsəd və ya fürsət” adlı tədbirdə çıxışında söyləyib. Onun sözlərinə görə, BMT-də İranın uranın zənginləşdirilməsinə qarşı qətnamə qəbul edəndə Rusiya və Çin həmin qətnamələri təqsdiqləyiblər: “Bu o deməkdir ki, Rusiya və Çin də ABŞ və Avropa kimi İranın nüvə təhlükəsizliyi məsələsində maraqlıdır. Lakin İranla müharibə heç kəsə sərf etmir. ABŞ İranda islam hakimiyyətini dəyişmək istəyir. Ona görə də, hesab edirəm ki, İranda prezident seçkilərinə qədər müharibə gözlənilmir”.
Politoloq İrana qarşı qoyulan neft embarqosunun İran üçün ölümcül olmayacağını söyləyib: “İran neftinin 15-20 faizi Avropaya ixrac olunur. Bu o deməkdir ki, İran neft gəlirlərinin 12-20 faizini itirəcək. Ərəb ölkələri Avropaya həmin miqdarda nefti kompensasiya edəcəyinə söz verib”.
“İranın neft ixracına sanksiyalar tədbiq ediləcəyi təqdirdə Hörmüz boğazını bağlayacağını bildirməsi, İranın böyük hərbi addım atmağa hazır olduğunu göstəricisidir”. Bu fikirləri tədbirdə çıxış edən politoloq, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, “Milli müdafiə” jurnalının baş direktoru İqor Korotçenko bildirib. Onun sözlərinə görə, ABŞ-ın bir nömrəli məqsədi İranda İslam hakimiyyətini dəyişməkdir: “ABŞ üçün hələ müharibəyə başlamaq sərf eləmir. O, hələlik Avropanın sanksiyaları ilə İranı sosial-iqtisadi cəhətdən zəiflətmək istəyir. Rusiya üçün isə ən vacibi İrana qarşı hərbi əməliyyatların başlamamasıdır. Ona görə də, Rusiya ilə Çin İran ətrafında baş verən hadisələrə etinasız yanaşmamalıdırlar”.