2008-ci ildə qaqauz xalqının xristian dinini qəbul etməsinin 1000 illiyi qeyd olunacaq. Moldovanın Qaqauz Yeri muxtar bölgəsinin başqanı Mixail Formuzalın sərəncamına əsasən, yubiley tədbirlərinin həyata keçirilməsi məqsədilə xüsusi təşkilat komitəsi yaradılıb.
Komitəyə regionun dini və ictimai-siyasi xadimləri, o cümlədən muxtariyyət hökumətinin sədrinin birinci müavini Valeri Yanioğlu daxil edilib. Komitəyə 2008-ci ildə qaqauz xalqının pravoslav xristian dinin qəbul etməsinin mininci ildönümü ilə əlaqədar keçiriləcək bayram tədbirləri proqramını təsdiq etmək həvalə olunub. Bununla bağlı Qaqauz Yerinin paytaxtı Komrat şəhərində 2008-ci il ərzində Şərqi Avropa xalqlarının xristian ailəsinə daxil olması barədə iki elmi-praktik konfransın təşkil olunması, pravoslav məbədlərinin və məzarlıqlarının abadlaşdırılması da planlaşdırılır.
Təşkilat komitəsi ayda bir dəfədən az olmamaqla toplaşaraq tədbirlərin siyahısını tərtib edəcək. Qeyd edək ki, Qaqauz Yeri rəhbərliyinin 2007-ci ildə Vatikanın Gizli Arxivinə etdiyi müraciətə cavab olaraq 1008-ci ildə həqiqətən də müqəddəs Kverfurtlu Bruno tərəfindən qaqauzların əcdadı olan peçeneqlərin xristianlığa cəlb olunması və onlara ayrıca yepiskopun təyin edilməsi məlum olub.