İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri ABŞ, Böyük Britaniya və İsrailə xəbərdarlıq edib
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, general bildirib ki, iranlı nüvə fiziki Mustafa Əhmədi Rövşənə qarşı sui-qəsdi təşkil edənlərin və bu qətli həyata keçirənlərin arxasında olanlarının cəzalandırılması üçün yollar axtarırlar: “İran bu hadisəni ölkə təhlükəsizliyinə böyük təhdid sayır və hazırda cinayət hadisəsini ciddi şəkildə araşdırır. Biz düşmənlərimizə sərt şəkildə cavab verəcəyik, xüsusilə terror aktının arxasında dayanan ABŞ, Böyük Britaniya və İsrail üçün nəticələr ağır olacaq”. Məsud Cəzayiri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) də iranlı nüvə aliminin qətlində günahkar olduğunu vurğulayıb: “Bu qurum iranlı nüvə alimləri və rəsmilərinin adlarını terrorçu qruplara və casusların əlinə keçməsinə, nəticə etibarilə də onlara qarşı sui-qəsd həyata keçirilməsinə zəmin hazırlayır”.