ABŞ prezidenti Barak Obama administrasiyası İranda hakim rejimin dəyişdirilməsinə yönəlmiş strategiya yürütmür. Bu barədə jurnalistlərə Ağ ev rəhbərinin milli təhlükəsizlik üzrə müşavirinin köməkçisi Ben Rods bildirib.
SalamNews-un "Vesti"yə istinadən verdiyi xəbərə görə, Ağ ev Barak Obamanın İran ilə danışıqlar aparmağa hazır olduğunu bəyan etsə də, münasibətlərin normallaşdırılması yolunda növbəti addımı rəsmi Tehranın atmalı olduğunu bildirir.
Ben Rodsun sözlərinə görə, hazırda ABŞ höküməti rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirlməsinə çalışır. Bu məqsədlə digər ölkələrin İran neftinin idxalını azaltması, yaxud tamamilə dondurması ilə bağlı tədbirlər görülür. Bildirək ki, İran hər il neftin ixracından 100 milyard dollar gəlir götürür.
"Artıq bu sanksiyaların İranın iqtisadiyatına əhəmiyyətli təsir göstərdiyinin şahidi oluruq", - Ben Rods deyib. Bununla belə, o, ölkəsinin İranın siyasi kursunu dəyişməsi üçün müəyyən imkan saxlayacağını də əlavə edib.