Kəmsavad bir vaiz məclisdə ərəb dilindəki nadir kəlmələrin mənasından danışırmış.

Ondan «Sərihan» sözünün mənasını soruşurlar. Vaiz deyir:
- Sərihan - Həzrət Yusif Peyğəmbəri (ə) yeyən canavarın adıdır.
Yerdən bir nəfər etiraz edib deyir ki, axı, Həzrət Yusifi (ə) canavar yeməyib! Vaiz özünü sındırmayıb, cavab verir:
- Deməli, Sərihan – Həzrət Yusifi (ə) yeməyən canavarın adı imiş.
Osmanlı dövrünün məşhur xəttatı Hafiz Osman bir gün qayığa minir. Qayıqçı gediş haqqını tələb edəndə, Hafiz Osman cibinə baxıb görür ki, pullarını unudub evdə qoyub. Ona görə də qayıqçıya təklif edir: «Gediş haqqının əvəzi olaraq, gəl sənə gözəl xətlə bir «vav» hərfi yazıb verim». Qayıqçı narazı halda xeyli deyinir, amma axırda əlacsız qalıb razılaşır. Xəttat bir kağız parçası üzərində «vav» hərfi yazıb qayıçıya verir.
Bu hadisənin üstündən bir müddət keçdikdən sonra qayıqçının yolu kitab dükanına düşür.
Orada gözəl xəttatlıq nümunələrinin satıldığını görüb, cibindəki kağızı xatırlayır. Onu satıcıya göstərən kimi, «Hafiz Osmanın xətti!» deyə sevindiyini görür. Bütün kitabsatanlar toplaşıb, kağıza tamaşa edirlər. Kitabsatan böyük məbləğ müqabilində kağızı qayıqçıdan alır.
Bir neçə ildən sonra Hafiz Osman yenə həmin qayığa minməli olur. Düşərkən gediş haqqını verəndə qayıqçının: «Əvəzində yenə bir «vav» yazın», - xahişinə cavab olaraq deyir: «O «vav» bir dəfə yazılar. Sən pulunu al!».