CHP lideri Kamal Kılıçdaroğlu partiyasının fraksiya iclasında çıxış edib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, CHP sədri Kılıçdaroğlu və CHP-li millət vəkilləri deputat toxunulmazlıqlarından imtina ediblər.
Kılıçdaroğlu çıxışında deyib: "Könül istərdi ki, 10 yanvar "Jurnalistlər Günü"nü bayram kimi qeyd edim. Mətbuatın olmadığı ölkədə demokratiya da yoxdur. Azad medianın olması çox əhəmiyyətlidir. Demokratiya azad media ilə mövcuddur. Medianın səsini kəsmək hamımızın dilini kəsmək deməkdir. Dilsiz demokratiya, üstü örtülü diktaturadır. 97 jurnalist həbsdədir. Seçkilərdən sonra həbs edilən jurnalistlərin sayı artıb. Həbs edilən hər jurnalist cəmiyyətə açıq təhdiddir.
İnsanın şeir oxuduğu üçün həbsə atılması ilə kitab yazdığı üçün həbsə atılması arasında nə fərq var? Hər şeyi düşünərdik də, amma bu ağılımıza gəlməzdi; terror təşkilatının başçısı bir qərərgah rəisimiz var. Yaxşı sual çıxır ortaya, əgər bir ölkənin baş qərargah rəisi terrorçudursa, onda baş naziri kimdir?".
CHP sədri xatırladıb ki, İlker Başbuğ mövcud hökumətin təsdiqi ilə Baş qərargah rəisi təyin edilib.
"İki ehtimal var. Birincisi, Baş nazir İlker Başbuğun terror təşkilatı idarə etdiyini bilirdi və heç bir tədbir görməyib. Bu bir cinayətdir. İkinci ehtimal. Hörmətli Baş nazir İlker Başbuğun terror təşkilatı idarə etdiyini bilmirdi. Bu da tam bir biabırçılıqdır", - Kılıçdaroğlu deyib.
O bildirib ki, toxunulmazlığından imtina etməsi ilə bağlı sənəd hazırlayıblar: "Məhkəməyə təsir göstərməyə cəhd etməkdə ittiham olunuram. Bunların ədalətli məhkəməsi nəşr edilməmiş kitabı cinayət sayan, pulsuz təhsil istəyən tələbələri həbs edən ədalətli məhkəmədir. Mənim toxunulmazlığa ehtiyacım yoxdur, ərizə də buradadır. İclasdan sonra şəxsən özüm Baş Assambleyaya göndərəcəm. Xalq naminə yola çıxanların qorxması mümkün deyil. CHP lideri ilə hesablaşmaq istəyirsinizsə, toxunulmazlığımı ləğv edin".
CHP lideri bu oyunun haralarda qurulduğunu çox yaxşı bildiyini deyib: "Sizin səlahiyyətli məhkəmələrinizdən, prokurorlarınızdan da qorxmuram. Mən yalnız öz millətimin əmrindəyəm. Məni həbsə atmaq deyil, dar ağacına da göndərsəniz belə bildiklərimi söyləyəcəyəm".