Aşura Məhərrəm ayının 10-cu günü İmam Hüseynin qətlə yetirildiyi tarixin qeyd olunması ilə əlaqədar bu gün Göy Məsciddə toplantı keçirilib. Məscidlərin axundlarının toplaşdığı mərasimdə Kərbəla faciəsinin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının bununla əlaqədar hazırladığı fitva çatdırılıb. Bu il Aşuranın yanvarın 19-a, 1990-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin anıldığı günlərə təsadüf etdiyindən, bu günlərdə Kərbəla şəhidləri ilə yanaşı, 20 yanvar faciəsi və Qarabağ uğrunda döyüşlərdə şəhid olanlar da yad ediləcək. Fitvada bu günlərdə ehtiyacı olanlara qan verilməsinin ən münasib təziyədarlıq olduğu qeyd edilir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin sözlərinə görə, Təzə Pir, Göy Məscid, Bibiheybət də daxil olmaqla, bir çox məscidlərdə qan vermə aksiyası keçiriləcək. Şeyx bu kampaniyanın bütün rayonlarda yerli icra strukturları ilə birgə təşkil olunmasını tövsiyyə edib. Qazilər Şurasının fitvasında təziyyə günləri dindarlara Aşura mərasimlərinin yalnız məscidlərdə, ibadət ocaqlarında keçirilməsi, matəmin mahiyyətini dərk etməyən azyaşlıların burada iştirakının məqbul sayılmadığı, qan çıxarmaqla özlərinə xəsarət yetirməmək tövsiyyə olunur.