Rəvayətə görə, Həzrət Süleyman Peyğəmbər (ə) heyvanların və quşların dilini bilir, onlarla danışırmış.

Bir gün Həzrət Süleyman (ə) səhradan keçəndə bir qarışqa ondan soruşur: «Heç bilirsənmi, Allah-təala sənin taxtını hərəkət etdirməyi niyə küləyə tapşırıb?». Süleyman (ə) cavab tapmaqda aciz qalır. Qarışqa öz sualına özü cavab verir: «Allah istəyir ki, sən lovğalanmayasan; biləsən ki, bütün səltənətin yel üstündə qərar tutub».
Seyyid Cəmaləddin Əsədabadi Osmanlı sultanı Əbdülhəmidin qəbuluna əlində təsbeh tutmuş halda gəlir. Bütün söhbət boyunca Əsədabadi təsbeh çevirməklə məşğul olur. Qəbuldan sonra bəzi saray əyanları bu hərəkətinə görə ona irad edəndə, Əsədabadi kəskin şəkildə onlara cavab verir: «Mənim təsbehlə oynamağıma etiraz edirsiniz?! Sultanın özü bütün millətin taleyi ilə oynayır, yaxşıları xar edib, pislərə vəzifə verir. Bununla belə, heç utanıb xəcalət çəkmir. Mən niyə əlimdə təsbeh oynatmağımdan utanmalıyam?!».