ABŞ Dövlət Departamenti dini etiqad azadlığı ilə bağlı illik hesabatını açıqlayıb. Sənəddə Azərbaycanda əvvəlki illərə nisbətən mühüm irəliləyişlərin olduğu qeyd olunub.
Hesabatda Azərbaycandakı dini icmaların statistikasından söhbət açılır və bildirilir ki, ölkədə dini strukturlar azad toplaşma hüququna malikdir. Hökumət dinlərarası anlaşmaya yardım edir. Azərbaycanda dini icmaların sərbəst fəaliyyəti üçün heç bir maneə yoxdur. Müxtəlif dini qruplar hökumətin müdaxiləsi olmadan görüşlər keçirə bilirlər. Ölkədə olan dini vəziyyəti müzakirə etmək üçün ölkə rəsmiləri ilə dindarlar arasında forumlar təşkil olunur.
Hesabatda deyilir ki, ölkədəki məscid, kilsə, sinaqoqlar dini fəaliyyətlə məşğul olur, sərbəst şəkildə dini mərasimləri həyata keçirir və dindarların fəaliyyətinə heç bir müdaxilə yoxdur. Ölkədə bu günə qədər 392 dini icma qeydiyyatdan keçib və onlarla münasibətdə heç bir ayrıseçkilik baş vermir.
Yəhudi icmalarının rəhbərləri qeyd ediblər ki, hökumət və digər dinlərin rəhbərləri onlara qarşı müsbət münasibət bəsləyirlər. 2004-cü ildə ölkədə yeni yəhudi icması mərkəzi açılmışdır. Açılış mərasimində yüksək rütbəli dövlət adamları da iştirak etmişlər.
Hesabat dövründə hökumət nümayəndələri ilə müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və dialoqun inkişaf etdirilməsi üçün tədbirlər keçirilmişdir.
Hesabatda deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq seminarlar, konfranslar və dini etiqad azadlığına və tolerantlığa həsr olunmuş regional görüşlər təşkil edir. Bu ilin aprel ayında Azərbaycan hökuməti İslam Konfransı Təşkilatı ilə birgə "Ölkədəki tolerantlığın inkişafında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda beynəlxalq konfrans keçirib. May ayında Bakıda yeni yəhudi tədris mərkəzinin tikintisinə başlanılmışdır.