Monqol-tatar qoşunu Nişaburda dəhşətli qırğın törədir.

Bu faciə zamanı on minlərlə günahsız müsəlman qətlə yetirilir, əsir tutulur, onların əmlakı qarət olunur. Əsir kimi ələ keçirilənlərin arasında yaşı yüzü adlamış Şeyx Fəridəddin Əttar da var idi.
Şəhər fəth olunduqdan sonra monqol əsgərləri öz əsirlərini satmağa başlayırlar. Bu zaman Əttarın əvəzinə sahibinə xeyli pul təklif edirlər. Lakin şair razı olmayıb öz sahibinə deyir: «Bu məbləğ mənim əsil qiymətim deyil. Məni nə vaxt satmaq lazım olduğunu sənə deyərəm».
Əsgər Əttarı almaq istəyən hər kəsə rədd cavabı verir. Axırda bir nəfər çiynində gəzdirdiyi yemişi Əttarın sahibinə göstərib deyir: «Gəl bu yemişi sənə verim, sən də qocanı mənə ver. Onsuz da o, yemişdən baha qiymətə getməyəcək». Əttar bu söhbəti eşidəndə öz sahibinə deyir: «Mənim əsil qiymətim məlum oldu. İndi məni sata bilərsən».
Əsgər, ona təklif edilmiş pulları əlindən buraxdığına görə elə qəzəblənir ki, dərhal Əttarı qətlə yetirir. Böyük mütəfəkkirin həyatı bu cür faciəli şəkildə sona çatır.
Əməvi xəlifəsi Əbdülməlik bir gün qəddar İraq valisi Həccacla söhbət zamanı soruşdu: «Elə adam yoxdur ki, öz eybini bilməsin. De görüm, sənin eybin nədir?». Həccac əvvəlcə bəhanə gətirib, cavabdan boyun qaçırmaq istədi. Lakin xəlifənin israrı qarşısında əlacsız qalıb söylədi: «Mən höcətçi, kinli və paxıl adamam». Əbdülməlik bu etirafı dinləyib dedi: «Heç Şeytan da sənin dediklərindən pis ola bilməz!».
Məşhur sufi Abdullah ibn Mübarək bir nəfərlə yola çıxmışdı. Onun səfər yoldaşı bəd xasiyyətli bir adam idi. Səfər başa çatıb ayrılandan sonra camaat Abdullah ibn Mübarəkin acı-acı ağladığını gördü. Səbəbini soruşanda belə cavab verdi:
- Uzun müddət yoldaşlıq etsək də, onun əxlaqını düzəldə bilmədiyimə görə ağlayıram. Fikirləşirəm ki, yəqin mənim hərəkətlərimdə gördüyü bir pislik, onu nəsihətlərimə əməl etməkdən saxlayıb. Yəqin ki, o, məndə gördüyü nöqsanlara görə həm özümə, həm də sözümə etinasız yanaşıb. Əgər belədirsə, qiyamətdə vəziyyətim necə olacaq?!