Ərəb Ölkələri Liqasının məsləhətçi orqanı olan Ərəb Parlament Birliyi bütün müşahidəçilərin Suriyadan geri çağrılmasına səsləyib.
SalamNews-un verdiyi xəbərə görə, Ərəb parlament birliyinin sədri Səlim əl-Diqbassi bəyan edib ki, təşkilatın müşahidəçi qruplarının Suriyada olmasına baxmayaraq, ölkədə zorakılıq davam edir, bu isə ərəb dünyasının qəzəbinə səbəb olur və missiyanın ilkin məqsədinə ziddir. Müşahidəçilər artıq bir həftədir Suriyadadır və bu müddət ərzində prezident Bəşər Əsədin istefasını tələb edən nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 24 uşaq daxil olmaqla 315 nəfərin öldürüldüyü bildirilir.
BMT-nin məlumatına görə, Suriyada ötən ilin martında Bəşər Əsəd rejiminə qarşı etirazların başlamasından bəri baş vermiş toqquşmalarda 5000-dən çox adam öldürülüb. Ərəb ölkələrinin müşahidəçiləri bu ölkədə qan tökülməsinə son qoymaq üçün Suriya hökuməti ilə müxalifət arasında dialoq başlamasına yol tapmalı idi. Suriyanın Yerli Koordinasiya Komitəsinin verdiyi məlumata görə isə 2011-ci ildə müxalifətin etiraz aksiyalarının yatırılması nəticəsində 5800-dən çox insan ölüb.