POPULYARXƏBƏRLƏR

Azərbaycan prezidenti: “2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir”

Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib

Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!

Mən sizin hamınızı Yeni il bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

2011-ci il arxada qalır. 2011-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. 2011-ci ildə ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmışdır. Azərbaycanın uğurlu iqtisadi inkişafı təmin edilmişdir. Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artmışdır. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir.

İqtisadiyyatın bütün sahələri inkişaf edir. Ölkəmizdə böyük quruculuq-abadlıq işləri aparılır. Azərbaycan bölgədə öz mövqelərini möhkəmləndirir. İqtisadi inkişafı göstərən bütün statistik göstəricilər çox müsbətdir. Ölkəmizin valyuta ehtiyatları artır. Artıq bizim 40 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulur və bu proses davam edir. İldən-ilə investisiya qoyuluşu daha da artır.
Bölgələrin inkişafı uğurla aparılır. Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılmışdır. Bütövlükdə son səkkiz il ərzində bir milyondan artıq yeni iş yeri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yeridir. Əhalinin pul gəlirləri təxminən 20 faiz artmışdır. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır. Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaqdır. İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir. Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir.

Ölkədə bütün sosial məsələlər öz həllini tapmaqdadır. Bu il 900 minə yaxın pensiyaçının orta pensiyası təxminən 40 faiz artmışdır. Dekabrın 1-dən minimum əməkhaqqı artmışdır. Digər sosial proqramlar uğurla icra edilir. Məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir. Yəni, Azərbaycan hərtərəfli və dinamik şəkildə inkişaf edir. Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda demokratiya uğurla inkişaf edir. Ölkənin modernləşdirilməsi üçün konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilmişdir. Bir sözlə, biz müasir dövlət qururuq. Dərin milli mənəvi dəyərlər, köklər üzərində müasir, dünyəvi, gələcəyə inamla baxan dövlət qururuq. Bu proses uğurla davam edir.
Bizi ən çox narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Azərbaycan bütün dövrlərdə, xüsusilə son dövrdə öz səylərini daha da gücləndirir. Ancaq bildiyiniz kimi, bu məsələnin həlli təkcə bizdən asılı deyildir.
Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesində göstərdiyi riyakarlıq, danışıqlardan faktiki olaraq imtina etməsi bu prosesə böyük zərbə vurmuşdur. Əfsuslar olsun ki, hələ də dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər birmənalı şəkildə danışıqların pozulmasında günahkarın kim olduğunu açıq demirlər.
Müsbət bəyanatlar vardır. Biz bu bəyanatları eşidirik, onları dəstəkləyirik. Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar vermişlər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır.
Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz vardır. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Beynəlxalq birlik, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Münaqişə məhz bu prinsiplər üzərində öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar. Ancaq ondan sonra uzunmüddətli sülh təmin edilə bilər. Biz heç vaxt imkan verə bilmərik ki, ikinci dəfə əzəli Azərbaycan torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Bu, bizim prinsipial mövqeyimizdir. Bir daha demək istəyirəm ki, bu mövqe həm tarixə, həm hüquq normalarına, həm də ədalətə əsaslanır.

Bununla bərabər, biz iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də köklü islahatlar aparırıq. Bizim hərbi gücümüz, hərbi potensialımız artır. 2011-ci ildə hərbi xərclərimiz 3 milyard dolları keçmişdir. Bu, Ermənistanın bütün xərclərindən çoxdur. Gələn il hərbi xərclər yenə də artacaqdır. Ən müasir silahlar, texnikalar, döyüş təyyarələri, döyüş helikopterləri, sursatlar gətirilir və gətiriləcəkdir. Bununla bərabər, bir neçə il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə Azərbaycanda artıq 600 növ hərbi yönümlü məhsullar istehsal edilir. Biz gələcəkdə də hərbi potensialımızı gücləndirmək üçün səylərimizi əsirgəməyəcəyik. Bu gün Azərbaycanın hərbi potensialı bizə imkan verir ki, doğma torpaqlarımızı işğalçılardan istənilən yolla azad edək. Sadəcə olaraq, danışıqlara hələ ki, ümidlərimiz tükənməyib və bu danışıqlar hələ ki, davam etdirilməlidir.
2011-ci ildə ölkəmiz üçün çox vacib olan enerji sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycan öz mövqelərini möhkəmləndirə bilmişdir. İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına dair çox vacib Bəyannamə imzalanmışdır. Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin edə biləcək ölkə kimi tanınır. Bizim imkanlarımız artır.

Bu il aşkar etdiyimiz yeni qaz yataqları və keçən il aşkarlanan qaz yataqlarımız qaz potensialımızı böyük dərəcədə artıra bilmişdir. Biz uzun illər bundan sonra böyük qaz dövləti kimi dünyada öz sözümüzü deyəcəyik.

2011-ci ildə bütün lazımi tranzit müqavilələri imzalanmışdır. Artıq Azərbaycan qazını dünyaya müxtəlif yollarla nəql etmək üçün bütün imkanlar vardır. Hesab edirəm ki, 2012-ci ildə bizim zəngin qaz yataqlarımıza yeni böyük investisiyalar qoyulmalıdır. Bir neçə ildən sonra bizim qaz potensialımız ölkəmiz üçün çox böyük dəyər kimi özünü göstərəcəkdir.
İqtisadiyyatın digər sahələrində inkişaf vardır. Kənd təsərrüfatı, sənaye və qeyri-neft sənayesi artır. Bununla bərabər, 2011-ci ildə Azərbaycanda humanitar məsələlər də çox uğurla öz həllini tapmışdır. Artıq Azərbaycan tolerant, dözümlü ölkə kimi dünyada öz sözünü deyir. Bu il Birinci Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Forumda iştirak etmiş bütün qonaqlar ölkəmizdən çox gözəl təəssüratlarla ayrılmışlar. Azərbaycanın nadir təcrübəsi - dinlərarası, millətlərarası, sivilizasiyalararası dialoqun aparılması üçün bizim nadir təcrübəmiz dünyanın diqqətini cəlb edir. Əlbəttə ki, bizim müsbət təcrübəmiz, Azərbaycanda, cəmiyyətdə yaşanan gözəl ab-hava, bütün millətlərin, bütün konfessiya nümayəndələrinin bir ailə kimi yaşaması indiki dünyada nadir hadisədir. Əfsuslar olsun ki, dünyanın müxtəlif bölgələrində, müxtəlif qitələrdə ayrı-seçkilik, qarşılıqlı inamsızlıq, apatiya meyilləri güclənir. Bu, çox təhlükəli meyillərdir. Azərbaycanın müsbət təcrübəsi öyrənilməlidir və geniş mənada bu təcrübədən başqa ölkələr də istifadə etməlidirlər.

2011-ci ildə ölkəmiz üçün çox vacib hadisə baş vermişdir. İlk dəfə olaraq Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, böyük tarixi qələbədir. Hesab edirəm ki, 20 illik müstəqillik dövründə ən böyük qələbəmizdir. Çətin mübarizədə biz bütün dünya birliyinin inamını qazana bilmişik. İlk turdan başlayaraq sonuncu tura qədər Azərbaycan bu səsvermədə liderlik edirdi. Nəticə etibarilə dünyanın 155 ölkəsi Azərbaycana öz səsini verdi, Azərbaycana inandı, bizim siyasətimizi dəstəklədi. Azərbaycana çox böyük inam, etimad vardır. Bizim siyasətimiz dəstəklənir. Çünki bizim siyasətimiz ədalətə söykənir. Bizim siyasətimiz müstəqil siyasətdir. Mən son səkkiz il ərzində dəfələrlə bu barədə demişəm ki, Azərbaycan müstəqil siyasət aparır. Azərbaycanın öz yolu vardır. Bu, inkişaf, tərəqqi, demokratiya yoludur. Bu yol Azərbaycan xalqının iradəsi ilə seçilibdir. Bizim bütün addımlarımız Azərbaycan xalqının iradəsinə əsaslanır.
Gördüyümüz bütün işlərin təməlində Azərbaycan vətəndaşıdır, Azərbaycan maraqlarıdır. Biz dövlət quruculuğu prosesində böyük uğurlar əldə etmişik. İndi bütün dünya Azərbaycanı dəstəkləyir. Dünya ictimaiyyəti deyəndə, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı yada düşür. Çünki budur dünya ictimaiyyəti. Dünya ictimaiyyətinin rəyi hər hansı bir kiçik təşkilatın, regional təşkilatın, yaxud da ki, hər hansı bir qeyri-hökumət təşkilatının rəyi deyildir. Dünya ictimaiyyətinin rəyi BMT-nin rəyidir, 155 ölkənin rəyidir. Bu dəstək, bu inam bizi daha da ruhlandırır. Biz növbəti iki ildə Təhlükəsizlik Şurasında ədalət prinsiplərini müdafiə edəcəyik.

Bu il müstəqilliyimizin bərpasının 20 illik ilidir. İyirmi il ərzində ağır günlərimiz də, gözəl günlərimiz də olub. Gözəl günlərimiz daha da çox olub. Mən tam əminəm ki, gələcəkdə bizi ancaq gözəl günlər gözləyir. Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır. İyirmi il müstəqillik onu göstərdi ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər və yaxşı yaşaya bilər. Azərbaycan dövləti bu gün bölgədə sabitləşdirici amil kimi özünü təqdim edir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihə icra edilə bilməz. Son illərin təcrübəsi onu bir daha göstərir. İqtisadi, enerji, siyasi, diplomatik, regional əməkdaşlıq məsələlərində bölgədə Azərbaycan söz sahibidir. Biz bunu yaratmışıq, biz bunu qorumalıyıq. Ölkəmizi qorumalıyıq və qoruyacağıq.

Əziz dostlar!
Bu gün, eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Mən bu gün dünyada yaşayan bütün azərbaycanlıları salamlayıram, onlara hörmət və məhəbbətimi ifadə edirəm. Azərbaycan xalqı böyük xalqdır. Bizim böyük tariximiz və gözəl gələcəyimiz vardır. Dünyada yaşayan bütün azərbaycanlılar bilirlər ki, dünyada müstəqil və güclü Azərbaycan dövləti vardır. O dövlət ki, öz soydaşları haqqında daim düşünür, onların problemləri ilə yaşayır və onların rahat yaşaması üçün öz səylərini göstərir. Mən bütün dünya azərbaycanlılarını bu gözəl bayram münasibətilə təbrik edirəm.

Əziz həmvətənlər!
2012-ci il başlayır. Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır.

Mən bütün vətəndaşlara, bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.
Bayramınız mübarək olsun!



Yerləşdirilib:1 Yanvar, 2012  12:43, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com