Azərbaycan prezidenti Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işlərin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb. Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.