İranın Mazandaran əyalətinin hüquq-mühafizə qüvvələrinin ictimai təhlükəsizlik üzrə komandanı İsmayıl Nuri jurnalistlərə açıqlamasında bu əyalətdə hicab qaydalarının pozulmasına qarşı aparılan mübarizənin yeni - qış mərhələsində 19 min 798 qadının saxlandığını bildirib.
İ.Nuri deyib ki, qadınların əksəri yazılı izahatı alındıqdan sonra öz ailələrinə təhvil verilsə də, bəziləri barədə cinayət işi açılıb.
Nuri hicabsızlığa qarşı mübarizədə ölkənin digər əyalətlərində tutulan qadınların sayının Mazandaran əyalətində tutulanlardan az olmadığı qənaətindədir.
2007-ci il dekabrın 12-də Tehranın polis rəisi Əhməd Rza Radan demişdi ki, qış aylarında əxlaq təhlükəsizliyinə nəzarət gücləndiriləcək. O, qışda hansı halların hicab qaydalarının pozulması sayılacağına aydınlıq gətirərkən bildirmişdi: "Qadınların şalvar üstündən uzun çəkmə geyməsi, yaylıq əvəzinə papaqdan və ya şlyapadan istfadə etməsi, dar mantolar geyinməsi, manto yerinə qısa və dar gödəkçələrdən faydalanması hicabsızlıq əlamətidir və bunun qarşısını almaq üçün qadınlı-kişili polis qüvvələri şəhərin hər yerində fəaliyyət göstərəcək".
Tehran polisinin rəisi "Qışda hicabsızlığa qarşı mübarizə"nin çox ciddi bir layihə olduğunu vurğulamışdı: "Bizim heç kəslə zarafatımız yoxdur. Bu çox ciddi layihədir və layihəni dayandırmaqdan söhbət belə gedə bilməz".
Ə.R.Radan qeyd etmişdi ki, qadınların şalvarın üstündən çəkmə geyməsi onların özlərini başqalarına göstərmək meylinin təzahürüdür. Polis rəisinin fikrincə, şalvar üstündən çəkmə geymək həm də qadınların bir sıra bədən üzvlərinin qabarıq şəkildə nümayiş etdirilməsinə səbəb olur.