Fransa parlamentində “erməni soyqırımı”nı inkar edənlərə qarşı cəzaların tətbiqi ilə bağlı qanun layihəsinin qəbul olunması beynəlxalq hüquq və sərbəst ifadə azadlığı baxımından düşünülməmiş addımdır.
Bunu SalamNews-a Azərbaycanın keçmiş xarici işlər naziri Hüseynağa Sadıqov bildirib.
O vurğulayıb ki, beynəlxalq hüquqda insanların sərbəst fikir azadlığı mövcuddur. Demokratiyanın beşiyi sayılan Fransa kimi dövlətin parlamentində qondarma erməni soyqırımı ilə bağlı təklifin verilməsi xəcalət hissi doğurur.
H.Sadıqov deyib: “Bütün dünyada olduğu kimi, Fransada da fikir azadlığı tərəfdarlarının sayı, onun əleyhinə olanların sayından xeyli çoxdur. Fransa dövləti çoxdan bəri siyasi inkvizisiya və qlyotindən imtina edib. Lakin, qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzaların tətbiqi ilə bağlı qanun layihəsinin qəbul olunması, müasir dövrdə Fransada siyasi inkvizisiya və glyotina yaratmaq cəhdinə bənzəyir. Şübhəsiz ki, bu təklifin arxasında 2012-ci ildə Fransada keçiriləcək prezident seçkilərində səs qazanmaq cəhdi durur. Bu isə düşünülməmiş və çox ucuz addımdır. Ümid edirəm ki, Fransada bu təklif qanun kimi qəbul olunmayacaq. Çünki Fransada olan çox demokratik, ədalətli və müdrik şəxslər bu təklifin ədalətsiz olmasını dərk edib buna qarşı çıxacaqlar. Bu şəxslər heç zaman razı olmazlar ki, Fransanın xarici siyasətinə kölgə salan bu cür səhv addım atılsın. Əgər "erməni soyqırımı" ilə bağlı layihə qəbul edilsə, bu, bütövlükdə Fransanın demokratik imicini kölgə altına salacaq və bu ölkənin ATƏT-in Minsk qrupundakı obyektiv yanaşmasında şübhələr yaradacaq”.