Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın mərkəzi dövlət telekanalı olan “Vesti”yə müsahibə verib. Rusiyalı jurnalist bir sıra mövzularla yanaşı, ölkə başçısından Azərbaycanda hicaba olan münasibətlə bağlı sual ünvanlayıb.
SalamNews xəbər verir ki, jurnalistin "Azərbaycandan cənubda hicab vacibdir. Sizin ölkənizdən şərqdə yerləşən bəzi öklələrdə iş yerində hicaba və namaza qadağalar qoymaq təşəbbüsləri var. Siz bu diskussiyada hansı yeri tutursunuz" sualına Prezident "Heç birini, bizdə hicaba heç bir qadağa yoxdur" deyib.
Dövlət başçısı bildirib ki, bizdə buna heç bir məhdudiyyət yoxdur. Hər kəs istədiyi tərzdə geyinmək ixtiyarına malikdir. Hər kəs istədiyi kimi inkişaf edə bilər. Bu, hər bir insanın hüququdur.
Verilişdə Azərbaycanın inkişafı, müdafiə qabiliyyəti, xarici siyasəti, inkişaf perspektivləri və bir çox mühüm məsələlər əksini tapıb. Lakin müsahibənin başlığına məhz hicabla bağlı sualın cavabında səslənən “Hər kəs istədiyi kimi inkişaf edə bilər” fikri çıxarılıb. Yəni bu məsələ xüsusi vurğulanıb.
Ümumiyyətlə, bu, nədən irəli gəlir? Bu, Azərbaycanda dinlə, o cümlədən, hicab problemi ilə bağlı məsələdə yeni mərhələnin başlanması, dini etiqadla bağlı problemləri çözmək iradəsinin təzahürüdürmü?
Bir neçə gün əvvəl “Əjdərbəy” məscidinin açılışında dövlət başçısının dinlə, inancın qorunması, islamofobiyaya qarşı birgə mübarizə aparmağın zəruriliyi ilə bağlı mühüm açıqlamalar vermişdi.
“Vesti” telekanalına müsahibənin həmin silsilənin davamı olub-olmadığını, dinlə bağlı aparılan xətdə mühüm oriyentirlərin aşkarlanmasını isə zaman göstərəcək.