“İsrail “erməni soyqırımı”nı tanımayacaq və mən bundan əminəm”.
APA-nın məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində “İzrus” saytının baş redaktor müavini Aleksandr Qoldşteyn deyib. İsrail Knessetinin komitəsində dekabrın 26-da keçirilən müzakirələrə toxunan A. Qoldşteyn bildirir ki, burada Türkiyə ilə mövcud münasibətləri daha da qəlizləşdirməmək niyyəti ilə birlikdə Azərbaycan amili də rol oynayır: “İndi səsvermə keçirilsəydi, o halda həm azərbaycanlı həmkarı Elmar Məmmədyarov, həm də Azərbaycan prezidenti İlham Əliyevlə yaxşı münasibətlərə malik olan xarici işlər naziri Aviqdor Liberman baş nazir Binyamin Netanyahunun yanına gədərdi. O, baş nazirə izah edərdi ki, Azərbaycanın 1915-ci il hadisələrinə aidiyyəti olmasa da o, Ermənistanla heç də yaxşı münasibətlərdə deyil”.
İsrailli jurnalist hesab edir ki, parlamentin hakim çoxluğu baş nazirin dediyi kimi hərəkət edəcək və buna görə də, erməni təşəbbüsünün gerçəkləşməsi mümkün deyil.
Xatırladaq ki, dekabrın 26-da İsrail Knessetinin Elm, təhsil və idman məsələləri üzrə komitəsi 1915-ci ilin olaylarını müzakirə etsə də, ermənipərəst qüvvələrin səylərinə rəğmən hər hansı qərar qəbul etməyib.