Məşhur sufi Əbu Süleyman Davud ibn Nəsr Tainin müridlərindən biri onun üçün dadlı ət xörəyi gətirmişdi

Davud xörəyə əlini vurmadan, onu qonşuluqda yaşayan, valideynsiz yetimlər üçün göndərdi. Xörəyi gətirən mürid etiraz edib söylədi:
- Şeyx, axı, siz də çoxdandır ət yemirsiniz.
Davud mehribanlıqla cavab verdi:
- Bu xörəyi əgər mən yesəm, həzm olub mədəmdən çölə çıxacaq. Amma əgər yetimlər yesələr, birbaşa Allahın dərgahına, ərşə çıxacaq (onların duası şəklində).
Bir sufi camaatdan qaçır, heç kimlə ünsiyyət qurmurdu, gününü tək-tənha halda ibadətlə keçirirdi. Səbəbini soruşanda, belə cavab vermişdi:
- Günahlarımın çox olduğunu bilirəm. Qiyamət günündə əməllərim açılıb göstəriləndə, xəcalət çəkəcəyəm. Ona görə, məni nə qədər az adam tanısa, xəcalətim də bir o qədər az olar.