Əbül-Həsən Əş’əri vaxtilə Əbu Əli Cübbainin tələbəsi olmuşdu.

Bir gün onların arasında belə bir mübahisə düşür:
Əbül-Həsən Cübbaidən soruşur: «Tutaq ki, üç qardaşın biri mömin, digəri kafir halda, üçüncüsü isə həddi-büluğa çatmadan ölüb. Onların axirətdəki yeri barədə fikrin nədir?». Cübbai cavab verir: «Mömin qardaş behiştə, kafir qardaş cəhənnəmə düşəcək, yetkinlik yaşına çatmamış qardaş da əzabdan nicat tapacaq, amma behiştə düşməyəcək». Əbül-Həsən yenə soruşur: «Kiçik qardaş da mömin qardaş kimi behiştə getmək istəsə, Allah ona icazə verəcəkmi?».
Müəllim cavab verir: «Yox, ona deyəcəklər ki, mömin qardaş etdiyi ibadətlərə görə behiştə düşüb; sən bu savabları qazanmadığın üçün, behiştə gedə bilməzsən». Əbül-Həsən etiraz edir: «Onda o, Allaha şikayət edib deyər: Günahım nədir ki, məni ibadət yaşına çatmadan öldürmüsən, indi behiştə daxil ola bilmirəm?!». Cübbai: «Allah da ona belə cavab verər ki, sənin tez ölməyin ilahi məsləhət üzündən idi. Əgər çox yaşasaydın, kafir olub, cəhənnəmə düşəcəkdin».
Əbül-Həsən dərhal deyir: «Bəs, cəhənnəmə düşən qardaş deməzmi ki, ey Allah, sən mənim kiçik qardaşımın taleyini əvvəlcədən bildiyin kimi, mənim də taleyimi əvvəlcədən bilirdin. Elə isə, niyə onu böyüyüb küfrə bulaşmazdan qabaq öldürdün və cəhənnəmdən xilas etdin, amma məni kafir kimi yaşatdın?!».
Cübbai şagirdin sualına cavab tapmayıb: «Sənin başına hava gəlib», - deyir.
Əbül-Həsən bu hadisədən sonra bir daha Cübbainin dərslərinə gəlmir və öz təriqətini yaradır.