Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan "Müsəlman cəmiyyətlərində dəyişiklik və qadının qolu" mövzusunda keçirilən konfransda çıxış edib.
SalamNews-un "Doğan" agentliyinə istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan deyib: "Fransa Məclisində keçirilən səsvermə Fransada və Avropada irqçiliyin, ayrı-seçkiliyin, müsəlmanlara olan münasibətin nə qədər təhlükəli ölçülərə çatdığını dəqiq olaraq ortaya qoyur. Fransa prezidenti Nikola Sarkozi türklərə və müsəlmanlarla düşmənçilik etməklə seçkiləri qazanmaq istəyir".
Baş nazir söyləyib: "Əlcəzairdə 1945-ci ildən etibarən əhalinin təqribən 15 faizi fransızların qırğınına məruz qalıb. Əlcəzairlilər sobalarda kütləvi yandırılıb, vəhşicəsinə öldürülüb. Əgər Sarkozi bu soyqırımı bilmirsə, getsin atası Pol Sarkozidən soruşsun. Atası Pol Sarkozi 1940-cı ildə Əlcəzairdəki fransız legionunda əsgər olub. Əminəm ki, onun oğluna fransız qırğınları haqqında söyləyəcək çox sözü var".
R.T.Ərdoğan fikrini belə tamamlayıb: "Hörmətli cənab Sarkozi, Türkiyənin tarixində soyqırım hadisəsi tapa bilməz. Əgər, o, Türkiyə tarixinə baxsa, öz ailəsinə, ailə şəcərisini araşdırsa, orada Türkiyənin, türklərin köməyindən, xoş rəftarından, şəfqətindən başqa heç nə görməz və görə bilməz".