Azərbaycan Prezidenti İlham Əliyev bu gün İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
SalamNews prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Hoşyar Zebari İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarını dövlət başçısına çatdırıb.
O, beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının İraqdakı fəaliyyətinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Xalqlarımızın uzun illər yaxın dostluq əlaqələrinə və birgə mədəniyyətə malik olduğunu vurğulayan İraqın xarici işlər naziri hazırda bu əlaqələri fəal şəkildə daha da genişləndirməyin zəruriliyini söyləyib.
İraqda Azərbaycanın səfirliyinin fəaliyyət göstərməsinə ehtiyac olduğunu deyən nazir bunun əlaqələrimizin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün yaxşı imkanların olduğunu, yaxın vaxtlarda İraqda Azərbaycanın səfirliyinin açılacağına əminliyini bildirib.
Xalqlarımız arasındakı əlaqələrin həmişə səmimi dostluq münasibətlərinə əsaslandığını deyən dövlət başçısı İraqdakı əməliyyatlarda Azərbaycan sülhməramlılarının iştirakını dost İraq xalqına ölkəmizin göstərdiyi yardım kimi qiymətləndirib. O, bu günlərdə İraqda törədilən terror aktları nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini deyib, bununla əlaqədar İraq xalqına başsağlığı çatdırmağı xahiş edib.
Ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından məmnunluğunu bildirən Prezident İlham Əliyev BMT-nin Baş Məclisində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı keçirilən müzakirələrdə və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçildiyi zaman keçirilən səsvermədə İraqın ölkəmizə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı İraqın xarici işlər naziri Hoşyar Zebarinin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Prezident İlham Əliyev İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri əl-Malikinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.