“Bizim müqəddəslərimizin təhqir olunmasını fikir azadlığı ilə əsaslandıranlar bu gün belə bir qanun qəbul edirlər”

“Fransa parlamentində 1915-ci il hadisələri ilə əlaqədar erməni iddialarının inkarını cinayət sayan qanun layihəsinin qəbul olunmasını biz təşkilat olaraq rədd edirik”. APA-nın məlumatına görə, bu sözləri “Müsəlman cəmiyyətlərində dəyişim və qadının rolu” mövzusunda keçirilən konfrans zamanı “Anadolu” agentliyinə açıqlama verən İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu deyib.
E. İhsanoğlu xatırladıb ki, Fransa dövlətinin təməlində 3 prinsip dayanır: “Azadlıq, bərabərlik və ədalət. Bu üç təməldən, ikisi artıq pozulub. Peyğəmbərimizi, müqəddəs dəyərlərimizi təhqir edənləri biz tənqid edərkən bunun fikir azadlığı, ifadə azadlığı olduğunu deyirlər. Bizim müqəddəslərimiz haqqında qeyri-etik karikaturalar çəkilməsini fikir azadlığı ilə əsaslandıranlar bu gün gəlib belə bir qanun qəbul edirlər. Bu, qəbuledilməz bir ziddiyyətdir”.