Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində qəbul edilməsi ilə bağlı açıqlama verib.
SalamNews-un "Milliyyət"ə istinadla verdiyi xəbərə görə, o, Fransaya tətbiq ediləcək sanksiyaları açıqlayıb: "Bütün hərbi müqavilələr təxirə salınıb. Səfir geri çağırılıb. Fransanın Afrikada törətdiyi soyqırımlarını bütün dünyaya tanıtmaq üçün əlimizdən gələni edəcəyik”..
R.T.Ərdoğan ilk mərhələdə tətbiq ediləcək sanksiyalarla bağlı deyib: "Bu qərar insan hüquqlarını tamamilə pozur. Fransada qondarma erməni soyqırımını rədd edənlərin cəzalandırılması ilə bağlı təklif bizim bütün səylərə baxmayaraq, qəbul edilib. Bu qərar Türkiyədən çox Fransaya qarşı haqsızlıqdır. Səsvermə zamanı qərarın qəbul edilməsinə qarşı çıxan fransalı deputatlara təşəkkür edirəm. İndi Fransada söz azadlığının qarşısı alınacaq. Biz tariximizlə qürur duyuruq. Tarixi siyasi alətə çevirənlər tarix və xalq tərəfindən bağışlanmayacaq. Bu qərara qarşı səssiz qalmağımız mümkün deyildir. Birinci mərhələdə Parisdəki səfirimizi geri çağırdıq, iqtisadi-ticarət komissiyasının iclasından imtina edirik, bütün ikitərəfli siyasi, iqtisadi və hərbi əlaqələrimizi dondururuq, Avropa İttifaqı çərçivəsində layihələrdə iştirakdan imtina edirik. Bunu vurğulayıram. Bu ilk mərhələdir, yeni tədbirlər gündəmə gələcək. Tərəddüd edilmədən qətiyyətlə tətbiq olunacaq".