Fələstinin dövlət başçısı Mahmud Abbasa Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən mərasimlə ''Konya şəhərinin fəxri vətəndaşı" adı verilib.
SalamNews-un "Habertürk"ə istinadla verdiyi xəbərə görə, mərasimdə çıxış edən Mahmud Abbas Konyanı ilk dəfə ziyarət etdiyini bildirərək deyib: ''Bu, mənim üçün böyük şərəfdir. Daha əvvəl bu şəhər haqqında çox şey oxumuşdum. Təbii ki, əlaqələrimizdən bəhs etmədən əvvəl bunu ifadə etmək istəyirəm ki, Türkiyədəki qardaşlarımızla çox dərin, köklü tarixi bir əlaqəmiz var. Hər zaman Türkiyədəki qardaşlarımızdan bizə qarşı böyük bir səmimiyyət, yaxın maraq və dəstək görmüşük. Fələstin məsələsinin də nəticələnməsi və sülhə çatması mövzusunda hər vaxt eyni duyğuları bölüşmüşük və bizimlə hər zaman həmfikir olmuşuq. Bu gün burada Konya şəhərinin fəxri vətəndaşı adını almaq, mənim üçün böyük bir qürurdur. Bu, yalnız mənim üçün deyil, Fələstin xalqı üçün də böyük bir qürurdur''.