Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Xarici dillər kafedrasının müəllimləri Aynur Əmirova, Nərminə İsayeva və Emilya Xudiyevanın təşkilatçılığı ilə “Dini tolerantlıq” mövzusunda təqdimat keçirilib.
ADU-nun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, təqdimat ADU-nun Beynləxalq münasibətlər və Regioşünaslıq fakültəsinin tələbələrinin ifasında təqdim olunub. Tədbirdə Hindistan, Səudiyyə Ərəbistanı və İsrailin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
İslam, Xristian, İudaizm və Hinduizm dinlərinin ortaq xüsusiyyətləri haqqında qonaqlara məlumat verilib. Sonra tələbələr Hindistanda keçirilən Karvaço bayramı, İsraildə keçirilən Yomkipur bayramı, Polşada keçirilən Pasxa bayramı və müsəlmanların Müqəddəs Ramazan bayramın yaranma tarixləri barədə danışıblar. Onlar ayrı-ayrı ölkələrdə keçirilən bayramlara hazırlıq, adət-ənənələri, mərasimləri, bayram atributları haqqında hind, polyak, yəhudi, ərəb və ingilis dilində maraqlı məlumatlar veriblər.
Tələbələrin ifasında milli hind, polyak, ərəb və Azərbaycanın “Sarı gəlin” rəqsi oynanılıb.